Bu gün ölkəmiz daxili istehsal hesabına bir çox kənd təsərrüfatı məhsulları ilə özünü təmin edir.
Təbii ki, bu təminatın arxasında ölkədə aparılan məqsədyönlü sosial-iqtisadi siyasət, aqrar sahədə köklü islahatlar, həmçinin dövlətin istehsalçılara göstərdiyi maddi və mənəvi dəstək dayanır. Yanacağın, mineral gübrələrin alınmasında keçən ildən tətbiq edilən güzəştlər, eləcə də toxumçuluq təsərrüfatlarına yetişdirdikləri məhsula görə subsidiyaların verilməsi kənd təsərrüfatı məhsullarının istehsalına təkan verib. Bu yüksəliş Şəki rayonunda da özünü büruzə verir. Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Nazim İbrahimovla söhbətimiz də bu mövzudadır.
- Nazim müəllim, son illər əksər rayonlarda kənd təsərrüfatı məhsullarının istehsalında xeyli artım müşahidə olunur. Bəs bu sahədə Şəkidə vəziyyət necədir?
- Şəki sənaye şəhəri olmaqla yanaşı, həm də böyük kənd təsərrüfatı rayonudur. Rayonun 243275 hektar torpaq sahəsinin 148482 hektarı kənd təsərrüfatına yararlıdır. Hazırda yararlı torpağın da 75313 hektarından əkin sahələri kimi istifadə edilir. Son illər rayon əhalisinin əkinçiliyə diqqətinin artması bu sahədə uğura imza atmağa imkan verib. Belə ki, bu il Şəkinin tarixində rekord həcmdə, yəni 211 min ton taxıl istehsal edilib. Bu isə əvvəlki ilə nisbətən 100 min ton çoxdur. Onu da deyim ki, istehsal edilən taxılın 98 faizdən çoxu özəl sahənin payına düşür.
- Yəqin ki, bu, həm taxılçıların gərgin əməyinin, həm də son illər dövlət səviyyəsində kənd təsərrüfatı sahəsinə diqqətin artmasının nəticəsidir.
- Təbii. Mən deyərdim ki, dövlət başçımızın 23 yanvar 2007-ci il tarixli “Kənd təsərrüfatı məhsulları istehsalçılarına dövlət dəstəyi haqqında” sərəncamı iflasa uğramaqda olan kənd təsərrüfatını, sözün həqiqi mənasında, sanki silkələdi. Ölkə prezidentinin bu istiqamətdə atdığı sonrakı addımlar isə kənd təsərrüfatı məhsulları istehsalçılarına əlavə stimullar verdi. Bilirsinizmi, bu gün torpağa, əkin-biçinə yeni baxış, yaradıcı münasibət - dünya təcrübəsini öyrənmək, yerli xüsusiyyətlər nəzərə alınmaqla, onların tətbiqi və sairə - tələb olunur.
Üzümçülüyə də maraq artır
- Nazim müəllim, şəkililərin üzümçülükdə də kifayət qədər təcrübəsi var. Bəs indi əhalinin bu sahəyə marağı necədir?
- Sovetlər vaxtında rayonda bir bağçılıq-üzümçülük müəssisəsi və 5 iri üzümçülük təsərrüfatı, hətta bir konserv və 3 nəhəng şərab zavodu olub. Əfsuslar olsun ki, sovet rəhbərlərinin yanlış ideologiyası bu cür gəlirli bir sahənin məhv olmasına, qeyd etdiyim zavodların dağılmasına gətirib çıxarıb. Bütün bunlara baxmayaraq, rayon əhalisi bu sahəni də dirçəltməyə çalışır. Axı üzümçülük çox gəlirli sahədir.
- Bəs bu istiqamətdə işlər niyə zəif gedir? Sözün doğrusu, belə bir sual həmin sahənin mütəxəssisləri ilə söhbətdən sonra bizdə formalaşdı.
- Bilirsinizmi, taxılçılığa nisbətən üzümlüklərin salınmasına xeyli vəsait, məsələn, bir hektar üzüm bağına orta hesabla 10 min manat, tələb olunur ki, bu da, hələlik, hər iş adamının imkanı daxilində deyil. İnanıram ki, yaxın gələcəkdə bu sahənin də sürətli inkişafına nail olunacaq. Hazırda rayonumuzda iki özəl konserv zavodunun tikintisinin başa çatdırılması və bir şərab zavodunun inşasına başlanılması elə bu inkişafın işartılarından xəbər verir. Bu mənada hesab edirəm ki, qarşıdakı 5-10 ildə özəl sahibkarlar tərəfindən yüksək məhsuldar üzümlüklər salınacaq.
- Şəkinin bir növ simvolu hesab edilən ipəkçilikdən söz salmamaq qəbahət olardı...
- Bu sahədə xeyli işlər görülüb. Belə ki, istehsalını tam dayandırmış, vaxtilə bütün dünyada tanınan Şəki İpək Kombinatı yenidən qurulub: yeni sexlər və köməkçi sahələr təşkil olunub, ipəkçiliyin əsas yem bazası olan yeni tut bağları salınıb. Və bu hesabla 2000 nəfərə daimi iş yeri açılıb. Ancaq bu, bizi qane etmir. Bilirsiniz, baramaçılığın inkişafı Şəkidə işsizliyin tam aradan qaldırılmasına çox kömək edə bilər. Belə ki, İpək Kombinatının tam istehsal gücündə işləməsinə nail olarıqsa, 70 min nəfərdən çox əhalisi olan şəhərdə minlərlə yeni iş yeri açılar. Təbii ki, bunun üçün müəssisəyə müasir texnologiyalara əsaslanan avadanlıqlar alınmalı, yeni tut bağları salınmalıdır. Zənnimcə, barama istehsalına görə də dövlət tərəfindən əlavə yardımların verilməsi vacibdir.
- Nazim müəllim, deyəsən, rayonda tütünçülük tamamilə unudulmaqdadır.
- Etiraf edək ki, uzun illər tütünçülük üzrə ixtisaslaşan ailələr bu məhsulun satış qiymətinin ucuzluğunu əsas gətirərək, başqa sahələrdə çalışmağa vadar olublar.
“Hələ çox layihələr də gerçəkləşdiriləcək”
- Bir vaxtlar Şəkidəki heyvandarlıq komplekslərinin işi çoxlarına nümunə olub. Bəs hazırda vəziyyət necədir?
- Heyvandarlıq Şəkinin aparıcı sahələrindən biridir. Son illər istər mal-qaranın baş sayının artırılmasında, istərsə də məhsul istehsalı sahəsində nəzərəçarpacaq inkişaf əldə olunub. Artıq “Aqro-indastis” müəssisəsi istifadəyə verilib. Bu müəssisəyə Hollandiyadan yüksək məhsuldarlığı olan 660 baş cins inək gətirilib. Yeri gəlmişkən, qeyd edim ki, bu yaxınlarda ölkə başçısı İlham Əliyev Şəkiyə səfər edərkən bu müəssisənin süd emalı zavodunun açılışında iştirak edib. Göynüklər zonasında hər birinin min baş qoyun-keçi tutumu olan 3 yeni damazlıq təsərrüfatı təşkil olunub. Eyni zamanda respublikamızda ərzaq təhlükəsizliyinin təmin olunması məqsədi ilə Şəkidə bir çox layihələrin həyata keçirilməsi nəzərdə tutulub. Belə ki, bu məqsədlə rayonda inşa edilən 350 min başlıq quşçuluq kompleksinin bir hissəsinin tikintisi başa çatdırılmaq üzrədir. Bundan başqa, rayonda hind toyuğu ətinin istehsalı ilə məşğul olacaq ferma, broyler quşçuluq fabriki, həmçinin ildə istehsal gücü 110 milyon ədəd yumurta istehsal edəcək quşçuluq kompleksi də tikiləcək.
- Ümumiyyətlə, kənd təsərrüfatının sürətli inkişafı üçün rayonda daha nəyə ehtiyac duyulur?
- İritutumlu anbarlara, soyuduculara ehtiyac var. Belə ki, yığılan taxılın, meyvə-tərəvəzin itkisiz daxili və xarici bazara çıxarılması və ehtiyatda saxlanılması üçün belə anbar və soyuducular çox lazımdır.
“Bu problem də həll olunur”
- Nazim müəllim, bilirik ki, Şəkidə içməli su problemi yaşanır. Bəs bu problemin çözülməsi, ümumiyyətlə, su və kanalizasiya probleminin həll olunması istiqamətində hansı işlərin görülməsi nəzərdə tutulub?
- Bəri başdan deyim ki, bu kimi problemlər həm əhalinin sayının artması, həm də Şəki şəhərində yaxşılaşan iqtisadi-sosial vəziyyətlə əlaqədar yeni ictimai yaşayış binalarının, kommersiya strukturlarının və digər tikililərin sayının artması nəticəsində yaranıb. Şəhərin su təchizatı 30 min əhali üçün nəzərdə tutulub. Halbuki hazırda Şəki şəhərində 70 min əhali yaşayır. Son 30 ildə şəhər ərazisinə yeni su xətti çəkilməyib. Odur ki, mövcud sistem bu inkişafla, necə deyərlər, ayaqlaşa bilmir. Elə bu kimi səbəblərdən də bu sahədə problemlər yaranıb. Doğrudur, daxili imkanlar hesabına vəziyyətdən çıxış yolu tapmağa çalışırıq. Lakin bu, kifayət etmir. Dövlət səviyyəsində bu sahədə aparılan işlərə artıq start verilib. Belə ki, Şəki şəhərinin su təchizatı və çirkab su sistemlərinin bərpası üçün Almaniya ilə ölkəmiz arasında razılaşmaya əsasən artıq bu işlərə başlanılıb. Layihəyə görə, Şəki şəhərinin su təchizatı və kanalizasiya sistemi tamamilə yenidən qurulacaq. Bunun üçün Kiş və Qurcana çaylarının su mənbələrindən istifadə olunacaq. Bu layihənin birinci mərhələsi 2010-cu ildə, ikinci mərhələsi isə 2015-ci ildə başa çatdırılacaq. Birinci mərhələdə şəhər əhalisinin 75%-i içməli su ilə, 60%-i isə kanalizasiya sistemi ilə təmin olunacaq.